Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

16.08.2019

50 yaşin sevinci və kədəri

“50-dən sonra nə olacaq bilmirəm, amma 50-dən geri boylananda dərdin ən böyük zirvəsini, uşaqlığımın, ilkinliyimin ilk və son ünvanı və bu gün həsrətinə boy verə bilmədiyim Xocalını görürəm”,- dedi.
Həmsöhbət olduqdan sonra bir daha yəqin etdim ki, onun kimi oğulların yaddaşında doğulduğu, qoynunda boy atdığı torpaq, yurd yeri itiriləndən sonra xatirəyə çevrilmir, dağı-daşı, otu-çiçəyi, bulağı və çayı ilə hopub qalır.
O, torpaq qədər kövrək imiş. Bu oxşarlığı bir az obrazlı demək istəyirəm. Torpaq kövrələndə bulaq gözləri qaynayır, bağrının yanmış başında bağrıyanıq lalələr boy verir və küskünlüyünü bir ağac dibində boynunu bükən bənövşə şəklində görürük. İllər öncə olduğu kimi bu gün də əyninə geyindiyi polis mundirində döyüşlərə atılmaqdan ötrü burnunun ucu göynəyir polis pokovnik-leytenantı Təyyar Rzaquliyevin. Həsrətdən yanağına xal düşmüş lalələrin, çəkdiyi ahın oduna yanmış bənövşələrin, buzunu dolça qırmaz bulaqların könlünü alıb onları ovundurmaq istəyir.

O, Xocalıya getmək istəyir. Bu gün Xocalıda 27 il bundan öncəki fevralın buzu hələ açılmayıb. Elə xocalıların da yaddaşı donub. Bu buz o zaman əriyəcək, bu don o zaman açılacaq ki, qisası qiyamətə qoymayan oğullar düşmənin başına od ələyəcəklər.
İnsan torpağın elə bir xoşbəxt formasıdır ki, o düşünə və danışa bilir. Həmkarım da torpaqürəklidir və onunçün ən müqəddəs torpaq bu gün xocalıların qanı hopduğu torpaqdır. Hər gün gördüyü, əli çatan, ünü yetən yer haqqında keçmiş zamanda danışmağın ağrısı dəyirman daşı kimi ürəyindən, gözlərindən, çəkdiyi hər ahdan asılıb. Ağlı-qaralı şəkillərə gözlərini zilləyib “Xatırlamaq keçmişdə qalanı düşünməkdir, yada salmaqdır” fikrini 27 il öncə uzaq düşdüyü Xocalı eşidəcəkmiş kimi astaca pıçıldayır.
Ürəyi ilə əlbəyaxa olub keçmişə boylanır və biz də bu susqunluğun verdiyi fürsətdən istifadə edib alın qırışlarındakı ömür yolunu oxumağa çalışırıq.

Cəlilabad RPŞ rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Təyyar Bəyvələd oğlu Rzaquliyev 1969-cu ildə Xocalıda doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılıb. Almaniyada xidmət edib. Tərxis olunduqdan sonra Xocalıya qayıdıb və 1991-ci ildə daxili işlər orqanları sıralarına qəbul olunub. Xocalının müdafiəsində iştirak edib. Faciə zamanı altı gün meşədə qalıb, öldü-qaldı xəbəri bilinməyib. Zülümdən canını qurtarıb Ağdama pənah gətirən xocalılar kimi o da Ağdama gəlib. Həyatının ən böyük dəhşətini yaşayıb. Sizcə sağlığında ona qurulan yas çadırı ilə qarşılaşan insan hansı hissləri keçirərdi?!...
Ağdam Rayon Polis Şöbəsində xidmətini davam etdirən həmkarımız silahı yerə qoymayıb və silahdaşları ilə birgə “Daşbaşı”, “Cinni”, “Sırxavənd”, “Gülablı”, “Şelli” kəndləri uğrunda gedən döyüşlərdə düşmənə qan uddurub. “Daşbaşı” əməliyyatında şəhidlik zirvəsinə ucalan, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən İnqilab İsmayılovu Xocalı kimi unuda bilmir...

Azərbaycan Dövlət Pedoqoji Universitetini və Polis Akademiyasını bitirib. 2010-cu ilə kimi cəbhə bölgəsində yerləşən Xocalı Rayon Polis Şöbəsində xidmət edib. Elə həmin il Neftçala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. 2014-cü ildə Salyan Rayon Polis Şöbəsində xidmətini davam etdirib. 2018-ci ilin iyunundan Cəlilalabad RPŞ-nin rəis müavinidir. Möhtərəm Prezidentimiz tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub. Beş əsgər, beş polis atasıdır....
Və polis polkovnik-leytenantı Təyyar Rzaquliyev 50 yaşın hesabatını Xocalıda tank altında xıncım-xıncım olan qandaşlarına, soydaşlarına, onların nigaran ruhuna, uçub-dağılmış ata yurduna, ocağı sönmüş ocaq yerinə verməyi arzulayır. Bu arzuya 51-də, 52-də deyil, daha tez, lap elə günü sabah çatmağı diləyir uca Yaradandan.
...Xocalı faciəsindən sonra yer üzündə xocalı adına heç nə yox idi. Xocalı Rayon Polis Şöbəsi də yerlə-yeksan olmuş, əməkdaşlarının çoxu şəhidlik zirvəsinə ucalmış, əlil və şikəst olanlar isə “Yarım ürək yarım ömrə bəs edər” nisgilinə söykənib itirdikləri əllərini, ayaqlarını Xocalıya xatir, onu azad etmək üçün döyüşə atılmaq naminə bircə gün də olsa bir möcüzə ilə Allahdan geriyə qaytarmasını dünən də istəyiblər, bu gün də daha böyük yanğı ilə istəyirlər.

Səngər-səngər qazılan ürəyimiz və tətikdəki əllərimiz bircə sözdən ötrü darıxıb-bundan üç il öncəki apreldəki kimi “keçilməzləri” keçək və Xocalıya, Şuşaya, Laçına, Kəlbəcərə, Qubadlıya....Cəbrayıla gedək.
Sözardı: Xocalı Polis Şöbəsinin 51 nəfər şəxsi heyətinin 26-ı şəhid olub. Onlardan 4-ü Azərbaycanın Milli Qəhrəmanıdır. Əslində həmkarımızın atası Bəyvələd kişi də QƏHRƏMANDIR. O, yola-izə yaxşı bələd olduğundan faciə zamanı 80 nəfər Xocalı sakinini ölümün ağzından alıb Ağdama gətirib. Don vurmuş ayaqlarla çox yaşamaq qismət olmayıb və 58 yaşında Xocalı nisgili ilə gözlərini yumub.

Hafiz Təmirov,
polis mayoru

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər