Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.08.2019

O körpə də polisi sevdiyini dedi

Hər kəs yayın gəlişini səbirsizliklə gözləyir. Çünki həm də dəniz mövsümü başlayır. Vətənimizin gəzməli-görməli yerlərini, zəngin təbiətini görmək istəyənlərlə yanaşı, istirahət üçün ölkə hüdudlarını seçmək istəyənlərin sayı da az deyil.
İstirahət edəcəyin ölkəni, yeri, məkanı seçmək imkanı azaddır. İlk növbədə getdiyin ölkə, onun adət-ənənəsi, dini inancı və s. barədə məlumatlı olmalısan. Və əlbəttə ki, istirahət üçün ən vacib şərt büdcədir. Elə ölkəmizə gələn əcnəbilərlə söhbət zamanı onlar da bunu dedilər. Azərbaycanı seçdiklərini burdakı sabitliklə, əmin-əmanlıqla əlaqələndirənlər də çox oldu. Söhbət dənizdən düşəndə isə şimaldan gələn qonaqlarımız Xəzərimizə heyranlıqlarını gizlətmədilər. Xəzəri kim sevmir ki? O bizim sərvətimizdir və biz onu qorumalıyıq. Çimərlik mövsumu başlayanda Xəzərin sahilində insan əlindən tərpənmək olmur.
Bu yaxınlarda həftənin yorğunluğunu çıxarmaq üçün istirahət günündə yolumu dənizdən saldım. Xəzər insan dənizi ilə üz-üzə qalmışdı.

Uşaqlar üçün də dəniz maraqlı əyləncə yeridir. Bu arada diqqətimi ləpələrlə qaçdı-tutdu oynayan, çərpələng uçuran balaca bir uşaq çəkdi. Hardasa iki-üç yaşı olardı. Dünya-aləm vecinə deyildi və o bu gün vətənindən uzaq düşən, yad ellərə sığınmaq istəyənlərin övladlarından xoşbəxt idi.
Vaxtın necə keçməsindən xəbərim olmadı. Düzü, dənizdən ayrılmaq istəmirdim. Ancaq getməli idim. Birdən qulaqlarıma “mən anamı istəyirəm” deyib ağlayan uşaq səsi gəldi. Həmin uşaq idi. Toppuş, qırmızı yanaqlarını göz yaşları islatmışdı. O, ürkək nəzərlərilə ətrafına baxıb “anam hardadı” deyib hıçqırırdı.
Onu sakitləşdirmək üçün ilk cəhdim uğursuz alındı. Deyəsən bu uşaq hamının yadından çıxmışdı və o bu dəfə “atamı istəyirəm” deyib ağlayırdı. Adını soruşdum. Arslandır dedi. Beləcə dostlaşdıq. Onu qucağıma alıb valideynlərini axtarmağa başladım. Yaxınlıqda xidmət aparan FHN-nin əməkdaşlarına da uşağın itməsi ilə bağlı məlumat verdim və onu axtaran olsa bu nömrəyə zəng etməsini xahiş etdim. Uşaq yenə də deyib-gülürdü və birdən diqqətlə üzümə baxıb dedi: “Sən polissən?” Güldüm və başımı əyərək “hə”,-dedim. O, “mənim atam da polisdir”,- deyib boynumu qucaqladı...
Çox keçmədi ki, uşağın valideynləri tapıldı və onlar mənə təşəkkür etdilər. Bu hadisəni kənardan müşahidə edənlərin fikirlərini indi də xatırlayıram: “O körpə də bilir ki, dara düşəndə, kömək lazım olanda polisə üz tutmaq lazımdır. Kim öyrədibsə, bərəkəllah”...
Bu, polis ömrüdür. Çalışırıq ki, tək xidmətdə yox, asudə vaxtlarımızda da hərəkətimizlə, davranışımızla hər kəsə örnək olaq, hamının köməyinə çataq.


Ruslan Vəliyev,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər