Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.08.2019

Xilaskar bu dəfə də polis idi...

Adı sosial şəbəkələrin fenomeninə çevrildi. Şəklini paylaşdılar, ünvanına xoş sözlər dedilər. Həyatı bahasına başa gələcək bir addımı ilə həyat qurtardı polisimiz. O olmasaydı Xəzərə, onun qırçın ləpələrinə qarğış edənlərin, hirslə baxanların sayı bir neçə nəfər də artacaqdı.

Bir ana oğulsuz, bir bacı qardaşsız qalacaqdı. “Su həyatdır”, amma su həmişə olmasa da hərdən onunla zarafat etmək istəyənləri həyatdan məhrum edir, can da alır. Xüsusən də çimərlik mövsümu başlayanda eşitdiyimiz xəbərlərin acısı birinci ürəyimizdən, sonra gözümüzdən çıxır. Bir sözlə, nə quruda, nə də suda həyatımızla çilingağac oynamayaq. Ömür insana bir dəfə verilir...

Bu gün polisə sevgi bəsləyib inam və etibar edənlər yaxşı bilirlər ki, hər an Azərbaycan Polisi öz həyatını riskə atıb vətəndaşın köməyinə çatacaq, onu xilas edəcək. Bir neçə gün bundan öncə polisimizin sayəsində ölümün pəncəsindən qurtardıqdan sonra həmin vətəndaş da, elə dənizə istirahətə gələnlər də bunu deyirdilər...
Xilaskar həmkarımızı gəlin, daha yaxından tanıyaq: Polis baş leytenantı Aqil Xudiyev 1987-ci ildə Bakıda doğulub. Daxili işlər orqanlarında xidmətə 2010-cu ildə Səbail Rayon Polis İdarəsində başlayıb. DİN-in Polis Akademiyasını bitirib. Hazırda Sabunçu RPİ-də YYÇPİTB-nin inspektoru vəzifəsində xidmət edir.

Hadisəyə gəlincə deyir ki, növbədən çıxıb evə gedirmiş. Bilgəhdə sərinlənmək və günəş şüası qəbul etmək üçün quma uzanıb. Bu zaman suda batan birinin “kömək edin” səsinə diqqət kəsilib. Vaxt itirmədən suya tullanıb. Birdən ayağı boşluğa gedib. Sən demə həmin yer çox dərinmiş. Özünü itirməyib və suyun altına baş vuraraq həmin şəxsi sahilə doğru çəkib. İkinci cəhddən sonra onun həyatını xilas edib.

“Bəs sənin polis olduğunu hardan bildilər” sualımıza isə cavabı belə oldu: “Orda məni balıqçılar yaxşı tanıyırlar. Yolum düşəndə onlarla görüşürəm, hal-əhval tuturam. Vətəndaşı xilas edib özümə gələndən sonra bir nəfər mənə yaxınlaşıb həm təşəkkür etdi, həm də adımı soruşdu. Birdən gözü maşındakı uniformama sataşanda gülümsədi və: “Yenə də polis, həmişəki kimi sizlər xilaskarısınız”,- deyib getdi...

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər