Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.08.2019

Güləşçilərimiz etimadı doğrultdular

Paytaxtımız növbəti dəfə mötəbər beynəlxalq tədbirə - “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına evsahibliyi etdi.
Azərbaycanın adının dünyanın aparıcı güləş ölkələri sırasında çəkilməsi təsadüfi deyil. Dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya Oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür. Şübhəsiz, qələbəni labüd edən ən başlıca amil idmançıların onlara göstərilən böyük qayğı və etimad müqabilində dövlət və xalq qarşısında məsuliyyətlərini dərk etmələri, yüksək iradə göstərərək sonadək mübarizə aparmalarıdır.
Milli komandamızın tərkibində DİN İdman Cəmiyyətinin yetirmələri də qatıldıqları bu mötəbər yarışda uğurla çıxış ediblər. Güləşçilərimiz bütün çəki dərəcələrində mübarizə aparıblar. Pəhləvanlarımız ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək növbəti qələbəyə imza atıblar.
DİN İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracovun yetirməsi Kənan Heybətov sərbəst güləş üzrə çəkisi 51 kiloqramadək olan idmançılar arasında 1/8 finalda Ukrayna təmsilçisi İvan Terzini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısı Niko Hivonenə heç bir şans verməyən təmsilçimiz yarımfinala yüksəlib. Finala gedən yolda yunanıstanlı Nektarios Kristos Kuzupisi də vaxtından əvvəl məğlub edən Kənan həlledici görüşdə rusiyalı Rüstəm Dolayevlə üz-üzə gəlib. Görüşü qalib başa vuran pəhləvanımız Festivalın qızıl medalına yiyələnib.
Təmsilçilərimizdən Sabir Cəfərov üçün də bu yarış uğurlu olub. O, çəkisi 60 kiloqramadək olan idmançıların mübarizəsində finaladək irəliləyərək gümüş medal qazanıb.
S.Cəfərovu bu yarışa DİN Daxili Qoşunlarının İdman komandasının hərbi qulluqçusu, mayor Elşad Allahverdiyev hazırlayıb.
Qadınların mübarizəsində də döşəyə çıxan güləşçilərimiz inamlı mübarizə aparıblar.
Çəkisi 61 kiloqramadək olan idmançılar arasında mübarizə aparan Mərziyə Sadıqova gümüş medal qazanıb.
Qadın təmsilçimizi yarışa Sumqayıt ŞPİ-nin əməkdaşı, əməkdar məşqçi Tural Əliyev hazırlayıb. Beynəlxalq dərəcəli hakim olan T.Əliyev həm də bu yarışda keçirilən görüşlərin idarə olunmasında iştirak edib.
Elşad Allahverdiyevin daha bir yetirməsi Nigar Mirzəzadə də fərqlənməyi bacarıb. Çəkisi 65 kiloqramadək olan idmançılar arasında mübarizə aparan N.Mirzəzadə yarışa almaniyalı Mari Trautmana qalib gəlməklə başlayıb. Ancaq 1/4 finalda güləşçimiz türkiyəli Nesrin Başa uduzub. Rəqibi finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb və Lusi Makqratla (Böyük Britaniya) qarşılaşmadan qalib ayrılaraq 3-cü yer uğrunda görüşdə polşalı Zofia Polovçiki məğlub edərək Festivalın bürünc medalına sahib olub.

Zeyni Hüseynov

 

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər