Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.06.2019

Öndər bayraqla gəldi...

Millətin xilası, nicatı günüdür 15 iyun. Bu günü xalqa ümummilli liderimiz Heydər Əliyev bəxş edib. Vətəni yolunda canını belə fəda edən, xalqına bütün varlığı ilə son nəfəsinədək sadiq qalan dahi şəxsiyyətin siyasətini, yolunu davam etdirməksə hər birimizin vətəndaşlıq və insani borcudur. Nə xoş ki, bu gün ümummilli liderimizin qurduğu dövlətin sükanı etibarlı, qüdrətli əldədir.


SSRİ adlı qurum dağılanda O, artıq doğulduğu yurddaydı. Vətənin dərdlərinə məlhəm olmağa gəlmişdi. Xalqın ən ağır günlərində, düşmən torpaqlarımıza təcavüz edəndə gümanımız min yerə getsə də, inamımız bizi dahi şəxsiyyət-ulu öndər Heydər Əliyevə doğru apardı...
Bütün ruhu, varlığı ilə xalqına, vətəninə bağlı olan ümummilli lider biri-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də həmişə xalqını fikirləşmiş, onun gələcəyi naminə çalışmışdır. Hərc-mərcliyin hökm sürdüyü, ölkənin parçalanma təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın iradəsi və təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu.

Ümummilli lider xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Dünya miqyaslı ictimai-siyasi xadimin titanik fəaliyyəti, qətiyyəti, polad iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Məhz onun rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülmüş milli ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatları aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir. Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası ulu öndərin respublikamıza rəhbərlik etdiyi vaxtdan başlayaraq bərqərar olmuşsosial –iqtisadi və siyasi sabitlik Azərbaycana olan marağı artırmış, xarici investisiyaların axınına şərait yaratmışdır.

Müstəqilliyin ilk illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi ilə sosial-iqtisadi böhran daha da dərinləşmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Dahi siyasətçi tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadi inkişafa, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiya və nəticə etibarilə vətəndaşların və deməli bizim hamımızın rifah halının yüksəldilməsinə hesablanan sosial tərəqqinin təmini təşkil edirdi.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, gələcək inkişaf üçün sarsılmaz təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk və hiss etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.
Şair gözəl deyib:
Peyğəmbərlər kitabla,
Öndər bayraqla gəldi...
Bəli, illərlə düşüncəmizdə, ürəyimizdə qoruyub yaşatdığımız üçrəngli bayrağı da ulu öndər yenidən, bu dəfə əbədi olaraq, ucaldığı zirvədən enməyəcək qüdrəti və əzəməti ilə gətirdi, ərməğan etdi xalqımıza. Və nə qədər ki, bu xalq, bu Vətən, bu dünya durur, onun dahi şəxsiyyəti, Azərbaycanın Ulu Öndəri də var olacaq!

 

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər