Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.03.2019

Qarşilayin, bahar gəlir...

Insan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il Novruzdan, günün bərabərləşməsindən əvvəl 4 çərşənbə qeyd olunur.

Su ilə bağlı Novruz inancı elə sudan gəlir. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sənin ötənilki günahların yuyulub getdi. Deyirlər ki, Novruzun su çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək.
Belə deyirlər ki, su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən, övladı olar. Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər və qorxan adama qorxduğu yerdə su içirirlər.

Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Sönəndən sonra qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu, o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.

Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Yel çərşənbəsi gecəsində söyüd ağacının altına keçib niyyət edib yel babanı çağırırlar. Əgər yel səsini eşidib əssə və söyüdün budaqları ağaca toxunsa diləyin yerinə yetər.
Axırıncı torpaq çərşənbəsidir. Torpağı ana təbiət - Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Torpaq çərşənbəsini “torpaq - çillə - beçə çərşənbəsi” də adlandırırlar. O, xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə - suri” adları ilə də tanınır. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayıblar. Nənələrimiz "Səməni, saxla məni, ildə göyərdərəm səni"- deyib buğda isladıblar.

Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs öz evində olmalıdır. Adətlərə görə, bayır qapılar bağlanmır.
Bayram günü maraqlı adətlərlə zəngindir. “Lal su”, iynə falı”, “duzlu kökə” el sınamaları olsa da, həm də maraqlı oyun-ənənədir. Axır çərşənbəni fişənglərsiz, hər məhəlləni, hər həyəti Novruz tonqallarsız ayrı təsəvvür etmək qeyri-mümkündür.
Ocağınız yansın, süfrələriniz ruzi-bərəkətli olsun, əzizlərimiz!

Ruhiyyə Əliyeva,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər