Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.11.2018

“Qayğisiz günlər”indən “qayğili illər”inə

Uzun illər yaşadığı Rusiya Federasiyasından vətənə dönmüşdü. Halal zəhmətiylə pul qazanıb ailələrinin dolanışığını təmin edən çoxsaylı həmvətənlilərimizdən fərqli olaraq, Siyavuş Həmzəyev orada törətdiyi əməllərə görə məhkumluq həyatı da yaşamışdı. Doğulub boya-başa çatdığı gənclər şəhəri Mingəçevirə qayıtdıqdan sonra da fərli-başlı bir işlə məşğul olmurdu. Gününü orda-burda yeyib-içməklə və avaraçılıqla keçirirdi.

Belə məclislərdən birində şəhər sakinləri Ceyhun Mirzəyev və Vüsal Ağayevlə tanış oldu. Bu “yoldaşlıq” bir müddətdən sonra daha da möhkəmləndi və beləliklə, Rəşad Abbaszadə də onlara qoşuldu. Hər dəfə bir yerdə toplaşanda Siyavuş pulsuzluqdan gileylənir, belə vəziyyətin onun həyat tərzinə yad olmasından, Rusiyada keçirdiyi “qayğısız günlər”dən uzun-uzadı danışırdı. Bir gün bu sıxıntıdan qurtarmağın yolu barədə onlara da söz açdı:
-Bilirsiniz ki, mən şəhər sakinlərini elə də yaxşı tanımıram. Amma siz hər tinə, hər küçəyə bələdsiz. Yaxşı pulu olan varlılardan bir-ikisini nişan verin, bizim də əlimiz pula dəysin.
Siyavuşun bu sözlərini sanki çoxdandı gözləyirlərmiş kimi tez-tələsik razılaşdılar. İlk təklif də

Ceyhundan gəldi:
-Mən bir qadın tanıyıram, onun evində çoxlu pul olmamış deyil...
Planlaşdırdıqları kimi bir neçə gün həmin mənzili nəzarətə götürdülər. Ev sahibinin və qonşuların gəlib-getmə vaxtlarını dəqiqləşdirdilər. Hər şey hazır olanda binanın həyətində toplaşdılar. Qərara gəldilər ki, Ceyhunla Vasif aşağıda pusquda dursunlar. Siyavuş Rəşadla evin damına qalxdı. Siyavuş özləriylə gətirdikləri kəndiri belinə sarıyıb Rəşada bərk-bərk saxlamasını tapşırdı, sonra yavaş-yavaş başı aşağı mənzilin pəncərəsinə yaxınlaşıb əliylə itələdi. Açıq pəncərədən otağa keçmək elə də çətin olmadı. Otaqları altını-üstünə çevirdi. Sonunda axtardığını tapdı. Və gəldiyi kimi də mənzili tərk etdi.
Ev sahibi Q.İsmayılova mənzilə daxil olanda qarət olunduğunu anladı və vaxt itirmədən polisə məlumat verdi.

Fakt barədə Mingəçevir ŞPŞ-nin rəisi, polis polkovniki Cavid Muradov da məlumatlandırıldı. Rəisin göstərişinə əsasən, yaradılmış əməliyyat-istintaq qrupu hadisə baş verən ünvana yollandı. Lazımi müayinələr aparıldı, əl-barmaq izləri götürülərək araşdırılması üçün aidiyyatı üzrə göndərildi, şahidlərin olub-olmaması araşdırıldı.
Bu müddətdə dəstə şəhər ərazisində oxşar üsulla daha iki mənzildən oğurluq etdi.
Lakin intensiv və peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirlərindən sonra bəd əməllər ilə mingəçevirliləri rahatsız, tədirgin edən dəstə üzvləri bir-bir yaxalanıb istintaqa təhvil verildilər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər