18.11.2018
Bir taleyin işığında...
Tale hamı kimi onu da cox sınaqlara çəkib. Bərkə-boşa düşsə də bu çətin imtahanlardan da qalib çıxmağı bacarıb.
1938-ci il noyabrın 28-də Tovuzda qayğı dolu bir ailədə dünyaya göz açıb. Lap kiçik yaşlarından hüquqşünas olmaq istəyib. Atasının müəllim olması təhsilə marağını daha da artırıb, kitab əlindən düşməyib. Bu arzu ilə də orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə verib. Necə deyərlər, çəkdiyi zəhmətin bəhrəsini görüb.
1963-cü il ali məktəbi bitirdikdən sonra daxili işlər orqanlarında xidmətə başlayıb istefada olan polis mayoru Nizami Axundov. Peşəsini sevərək yaşayıb uzun illər. Cinayətkarlıqla mübarizəyə, rayon sakinləri ilə münasibətdə polis-vətəndaş həmrəyliyinin möhkəmlənməsinə xidmət edib. Daşkəsən, Qazax, Goranboy və Zaqatala rayonlarında xidmət etdiyi illərdə çalışıb ki, insanlarla xoş ünsiyyət qursun, onların köməyinə çatsın. Bilik və bacarığını səfərbər edib, hər bir işi uğurla başa çatdırmağa çalışıb. Onu yaxşı xatırlayırlar. Həmkarları da ağsaqqal veteranımızın adını ehtiramla çəkir, onun həyat təcrübəsindən yararlandıqlarını xüsusi qeyd edirlər.
Daxili işlər orqanlarında məsul vəzifələrdə çalışan Nizami müəllim təqaüdə çıxdıqdan sonra da müxtəlif yerlərdə hüquqşünas kimi fəaliyyət göstərib.
İllər saçlarını ağartsa da, qəddi-qaməti bükülməyib. Həyatından razıdır. DİO-da xidmət etdiyi illəri ömrünün ən dəyərli dövrü sayır. Gözəl ailə sahibidi, bir qız övladı, iki nəvəsi var.
Səksənin astanasında olan ahıl həmkarımızın fikrincə, ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı əməkdaşlarımıza, o cümlədən gənclərə daha yaxşı işləmək və özünü müsbət tərəfdən göstərmək imkanı verir. Ona görə gənc əməkdaşlar indi daha səylə və məsuliyyətlə çalışmalı, öz üzərlərində işləməli, dünyagörüşlərinin və peşəkarlıqlarının artırılması qeydinə qalmalı, bu yolda ağsaqqal həmkarlarının bilik və bacarıqlarından yaralanmalıdırlar.
Hörmətli vateranımızla görüşümüz yubileyi ərəfəsinə düşdü. Səsində bir kövrəklik olsa da, qürurla danışdı öz həyat hekayəsini. İlk və son sözü də bu oldu ki, gərək hər bir insan öz işinə vicdanla yanaşsın. Onda həyatda yaşamaq gözəl olur.
Biz isə öz növbəmizdə ürəyi yaşayıb-yaratmaq eşqi ilə döyünən, şərəfli ömür yaşayan həmkarımıza yenə də gözəl, mənalı illər, ən əsası, cansağlığı arzulayırıq.