Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.11.2018

Müstəqilliyimizin, hüquqlarimizin möhtəşəm rəmzləri

Noyabrın 10-da Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında 9 noyabr Dövlət Bayrağı günü və 12 noyabr Konstitusiya günü münasibətilə bayram tədbiri keçirilib.

Alayın komandiri, polis general-mayoru Zaur Abdullayev Azərbaycan Respublikasının Dövlət Bayrağının 100, ilk milli Konstitusiyasının yaradılmasının isə 23 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Lakin dövlət müstəqilliyimiz elan olunmazdan xeyli əvvəl, sovet hakimiyyətinin hələ mövcud olduğu dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaldıb. Ulu öndərimiz Naxçıvana və böyük siyasətə qayıdışı milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunub.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarının həmişə uca tutulmasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında tarixi sərəncam imzalaması buna parlaq misaldır. Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Sonra Bakı Dövlət Universiteti Tarix fakültəsinin professoru Nuru Məmmədov çıxış edərək 1996-cı ilin fevralın 6-da ulu öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən, hər il 12 noyabr tarixinin Konstitusiya günü kimi qeyd edilməsinin ölkəmizin Əsas Qanununa hörmət və ehtiramın nümunəsi olduğunu vurğulayıb.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ümummilli liderin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi islahatların respublikamızı inkişaf yoluna çıxardığını deyən alim bütün bunları həm də qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdığını qeyd edib.
Bildirilib ki, ötən illərdə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bunlar dövlətin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edildiyini diqqətə çatdıran professor Nuru Məmmədov Əsas Qanunun 29 maddəsinə edilən 41 əlavə və dəyişikliklərin ali dövlət və məhkəmə hakimiyyəti orqanlarının, bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmininə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına xidmət etdiyini deyib. Beləliklə də, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər