Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.11.2018

Polislər vaxtinda yetişdi

Ötən nömrəmizdə Nizami RPİ PPXB əməkdaşlarının qısa müddət kəsiyində cinayətkarlıqla mübarizədə keçirdiyi uğurlu əməliyyatlardan bəziləri haqqında məlumat verəcəyimizə dair anons vermişdik. Sözümüzü tuturduq...

-Axşamın xeyir.
-Hər vaxtın xeyir.
-Qardaş, rayona, anama zəng vurmalıyam, telefonda kontur da bitib. Bəlkə verəsən, səninkindən onu yığım.
Eşqin heç fikirləşmədən mobil telefonunu ilk dəfə gördüyü həmin şəxsə uzatdı. Danışığı elə də uzun çəkmədi. Amma hərəkətlərindən belə görünürdü ki, telefonu sahibinə qaytarmaq fikrindən uzaqdır. Bu dəfə Eşqin ona səsləndi:
-Dostum, danışıb qurtardınsa telefonu qaytar.

O isə Eşqinin bu xeyirxahlığına özünəməxsus cavab verdi. Üzərində gəzdirdiyi lezvanı çıxarıb ona tərəf tuşladı:

-Telefonu yadından çıxar. Bax, deyirəm, səsini çıxarsan səni doğram-doğram edərəm.
Eşqin ona yaxınlaşdı. Naməlum şəxs qəfildən təpiklə güclü zərbə endirdi.
Azğınlaşmış adam bu azmış kimi yerə yıxılan yeniyetməni təpikləməyə başladı.
Eşqin özünə gələndən sonra üst-başını təmizləyib evə yollandı. Bu arada ona qarşı quldurluq edən şəxs də qaçmışdı.

Valideyinlərinə hər şeyi olduğu kimi danışdı. Qərarlaşdılar ki, səhəri polisə gedib hadisə barədə məlumat versinlər. Ertəsi gün sübh tezdən evdən çıxıb dayanacağa tərəf üz tutdular. Birdən Eşqin axşam ona qarşı quldurluq edən həmin şəxsin tində dayandığını gördü. Bəlkə də növbəti qurbanını gözləyirdi. Eşqin qışqıraraq ona tərəf qaçmağa başladı. Sonuncu da yaxalanmamaq üçün “dabanına tüpürdü”.
Nizami RPİ PPXB-nin polis nəfərləri-Qoşqar Xəlilov və Qəhrəman Həmidov həmin vaxt ərazidə xidmət aparırdılar. Qaçan şəxsi təqib edənlərdən biri qışqıraraq polisləri köməyə çağırırdı.

Polis baş serjantı Qoşqar Xəlilov: “Biz cəld səs gələn tərəfə qaçdıq. İrəlidə qaçanı saxlamaq istəyəndə cibindən lezva çıxarıb bizə tuşladı. Bizimlə baş edəməyəcəyini anlayanda onu boğazına çəkdi. Özümüzü itirməyərək ilk tibbi yardım göstərib xidməti maşına mindirdik. Vaxt itirməmək üçün yoldaca təcili tibbi yardıma zəng vurduq. Xəsarəti yüngül olduğundan həyati təhlükəsi yox idi...
Onu 25-ci PB-nə təhvil verdik.”

Sonradan aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər məhkum olunmuş Cavanşir Bayramov olması müəyyənləşdirildi.
Digər bir hadisə barədə polis baş serjantı Atakişi Quliyev danışdı: “Növbədən çıxıb evə gedirdim. Birdən iki şəxsin mübahisə etdiyini gördüm. Yaxınlaşmaq istəyəndə biri qışqırmağa başladı: “Kömək edin, çantamı qaçırdılar”. Tez qaçanın arxasıyca düşdüm. Əvvəlcə qaranlıqda kolların arxasında gizləndi. Məni görən kimi gizləndiyi yerdən çıxıb müqavimət göstərməyə başladı. Fəndlə onu zərərsizləşdirdim, xidmətdə olan patrul maşının çağırıb PB-nə təhvil verdik. Araşdırmalar zamanı soyğunçuluq edənin əvvəllər məhkum olunmuş Tərlan Umayev olduğu müəyyənləşdirildi.”

Polis serjantı Elnur Əhmədov: “Günortaydı. Bir nəfər mənə yaxınlaşıb az əvvəl onun mobil telefonunu alan şəxsin yaxınlıqdakı mağazaya girdiyini bildirdi. Qoşqarla həmin mağazaya yaxınlaşdıq. Demə, dükanın arxa çıxışı da varmış. Məni görən kimi həmin qapıdan qaçdı. Amma 200-300 metr təqibdən sonra ona çatdıq. Sonradan onun bu cür 7 əməl törətməsini öyrəndik.”


Geriyə Çap et


Faydalı keçidlər
Linklər