Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.10.2018

Boynumuzda bir Heydər Əliyev haqqı var

Əvvəli ötən sayımızda.

Biz indi-indi başa düşürük ki, ulu öndərin istər Sovet Azərbaycanına rəhbərliyi dövründə, istərsə də Sovet Sosialist Respublikaları İttifaqı kimi nəhəng bir dövlətin idarə olunmasında çalışdığı illərdə yorulmaz fəaliyəti, daha doğrusu, azərbaycanlıların birliyinə nail olunması, milli, o cümlədən hərbçi kadrların hazırlanması və hərbi-vətənpərvərlik tərbiyəsi, tarixi-mədəni, milli-mənəvi dəyərlərin mühafizəsi və inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, xaricdə yaşayan həmvətənlərlə əlaqə, demoqrafik inkişaf, milli incəsənətin tərəqqisi, ədəbi irsə və ədəbiyyata, ana dilinə qayğı, erməni iddialarına qarşı mübarizə sahəsindəki fəaliyyəti indiki müstəqil Azərbaycanın bugününə hesablanmış addımlar olmuşdur. Maraqlı bir məsələ ulu öndərin ana dilimizə qayğısı məsələsidir.

Məlumdur ki, 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi Heydər Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri siyasi taleyini riskə qoyaraq, Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın varlığını təmin etmək üçün təşkilati işlər aparmış, ziyalıları və aydiyyatı ictimai qurumları da bu işə cəlb etmişdir. Sovet imperiyası şəraitində belə bir davranış əsl vətənpərvərlik, vətəndaşlıq nümunəsi idi. O zaman bu hərəkət Moskvada böyük narazılıq yaratmışdı. Bəhanə o idi ki, başqa respublikaların əsas qanununa həmin müddəa salınmayıb. Belə bir vaxtda ulu öndər partiya funksionerləri ilə ciddi danışıqlara başladı. O, həssas məsələləri ancaq ağılın gücü ilə həll etməyə çalışırdı.

Sonralar ulu öndər həmin hadisələri belə xatırlayırdı: ’’O zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində bu müddəanın Konstitusiyamızda mövcudluğu çox böyük tarixi bir hadisə idi’’.

Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində həmin müddəa 1978-ci ildə qəbul edilən yeni Konstitusiyanın 73-cü maddəsində təsdiqini tapdı. Bu, böyük qələbə, xalqın mənəvi sərvəti olan ana dilinin qorunması tarixində xüsusi mərhələ idi. Yalnız bundan sonra yüksək məclislərdə Azərbaycan dilinə geniş səlahiyyət verildi, dövlət idarələrində ana dilinin tədricən yayılmasına, sənədlərin azərbaycanca hazırlanmasına başlanıldı. Respublika rəhbəri qurultay, konfrans, müşavirə, simpozium və s. mötəbər məclislərdə Azərbaycan dilində çıxış edir, ana dilinin hansı statusa və nüfuza malik olmasını hamıya çatdırırdı.

Heydər Əliyevin ədəbi irsə və ədəbiyyata qayğısı da tükənməz olmuşdur. Bu qayğı şair və yazıçıları ruhlandırır, onlar tərəfindən yüksək qiymətləndirilirdi. Məsələn, məşhur yazıçı və ədəbiyyat tənqidçisi Qulu Xəlilov ulu öndərin də iştirak etdiyi bir yığıncağda belə demişdir: ''Mən istəyirəm ki, hər kəs öz sahəsində, vətəndaşlıqda, cəsarətdə, milli təpərdə, genişürəklilikdə Sizə - Heydər Əliyevə oxşamağa çalışsın''. Doğrudan da Heydər Əliyev öz yorulmaz fəaliyyəti ilə milli təpərə malik olan böyük dövlət xadimi idi.

Heydər Əliyevin Azərbaycanda hərbi məktəbin yaradılması istiqamətində fəaliyəti də öz nəticəsini verdi. 1971-ci ilin noyabr ayında Bakıda gəncləri ali hərbi məktəblərə hazırlayan ilk ümumtəhsil məktəbi olan ixtisaslaşdırılmış internat məktəbi açıldı. Yeddinci sinfi bitirən şagirdlər orada təhsillərini davam etdirməklə yanaşı hərbi təhsil alır, fiziki cəhətdən mətinləşir, rus dilini öyrənir, ali hərbi məktəblərə daxil olmaq üçün imkan qazanırdılar. Bu addımı atmaqla Heydər Əliyev iki problemi böyük məharətlə həll etdi. Bir tərəfdən Azərbaycan və azərbaycanlılar üçün tarixi əhəmiyyət daşıyan hərbi məktəbi heyrətamiz bacarıqla yaratdı, digər tərəfdən 1976-1977-ci illərdən başlayaraq, SSRİ-nin ali hərbi məktəblərinə ildə 800-900 nəfər gəncin göndərilməsinə nail oldu. Əlbəttə, həmin gənclərin hamısı bu məktəbləri bitirə bilməsə də, hər halda bir qismi rütbəli hərbçilər olurdu. Məktəblərdə ildə təxminən 700 zabit hazırlanırdı. Bu, Heydər Əliyevin böyük tarixi xidməti idi.                                                

Sonralar Heydər Əliyev deyirdi: ’’Azərbaycan üçün bəla ondan başladı ki, 1987-ci ildə ermənilər bizim azərbaycanlıların bəziləri ilə birlikdə yığışdılar, mənim Kremldən istefa verməyimə nail oldular. Mən istefa verəndən cəmi 20 gün sonra Dağlıq Qarabağ məsələsi ortaya atıldı. Aqanbeqyan adlı bir erməni var. O, ömründə nə Ermənistanda, nə də Dağlıq Qarabağda yaşayıbdır, həmişə Moskvada yaşayıbdır, alimdir. Həmin Aqanbeqyan o vaxt gəlib Fransada bəyanat verdi ki, Dağlıq Qarabağ Ermənistana bağlanmalıdır və o, bu məsələni Qorbaçovla razılaşdırıbdır. Bundan iki ay sonra Dağlıq Qarabağda üsyan, münaqişə başlandı. Azərbaycanın bəlaları o vaxtdan başlandı. O vaxtdan ermənilərin bir məqsədi var idi ki, Heydər Əliyevi Kremldən uzaqlaşdırsınlar. Çünki bilirdilər ki, mən Moskvada oturmuşam və belə bir məsələnin qaldırılmasına yol verməyəcəyəm. Məni Kremldən kənarlaşdırdılar. Bundan sonra Azərbaycan nə günlərə düşdü.’’

Bundan sonra Azərbaycanın düşdüyü günləri Tanrı bir daha bu xalqın başına gətirməsin. Bizi bu bəlalardan məhz Heydər Əliyev qurtardı, Azərbaycanın Qurtuluş tarixinin müəllifi oldu. Bu gün hər bir azərbaycanlının boynunda bir Heydər Əliyev haqqı var. Azərbaycan xalqı bugünkü firəvan həyata, sülh və sabitliyə görə hər zaman ulu öndərə minnətdardır. Xalqımız milli liderə həm də ona görə minnətdardır ki, o, bu xalqa İlham Əliyev kimi bir lider bəxş edib. Məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Məhz İlham Əliyevin xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verir.

Azərbaycan xalqı ölkənin gələcəyini istisnasız olaraq Heydər Əliyev ideyalarının davamında görür. Zaman keçəcək, vaxt öz yaddaşında Azərbaycanın milli dövlətçilik tarixinin yeni-yeni nailiyyətlərini simvollaşdıracaq. Çünki Azərbaycan dövlətini əbədi edən və tarixinin ən qüdrətli çağlarına yetirən intibah dönəmi bu addan – Heydər Əliyevdən başlanır. Hər bir azərbaycanlının boynunda bir Heydər Əliyev haqqı var. Gəlin, bu haqqa tapınaq, bu haqqı unutmayaq. Ölkənin daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov demişkən: ’’Bu, şanlı tariximizdə daim əsl vətəndaş, böyük şəxsiyyət, qüdrətli lider kimi yaşayacaq insanın – Heydər Əliyevin qarşısında vətəndaşlıq borcumuzdur!’’.

 

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər