Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.10.2018

Xatirəyə döndü bu son baharda…

İki ay öncə evində qonaq olmuşdum. Keçirdiyi insult səbəbindən özü ilə kəlmə kəsməsək də ömür-gün yoldaşı Səmayə xanım bir kitablıq xatirə danışmışdı. O, danışdıqca Əhməd müəllim bu söhbətləri birinci dəfə eşidirmiş kimi həm başı ilə təsdiq edir, həm də göz yaşlarını saxlaya bilmirdi. Biz də ona qoşulub kövrəlmişdik. Ömründən ötən anları yaxşı ki, vaxtında şəkillərə köçürməyə zaman tapa bilmişdi. Elə onunla görüşəndə mən də bu tarixi günü fürsət bilib fotoaparatın yaddaşına köçürdüm…

Yaşlı insanlarla söhbət zamanı bir qəribəliyin şahidi olmuşam. İstər şəhərdə doğulub boya-başa çatsın, istərsə də kənddə, nədənsə, insan qocalanda dərdləşmək üçün torpağı, təbiəti özünə yaxın bilir. Dərdini, sərini, sirrini ona danışır. O gün polis veteranı Əhməd Şirinov da  Saray qəsəbəsində, öz həyətində, öz əli ilə əkdiyi ağaclarla, güllərlə dərdləşirdi.

Bir parçası olduğumz torpaq bizim südəmərliyimizdən ta qocalana kimi dilimizi yaxşı bilir. Əbəs yerə ana torpaq demirik ki…

Bəlkə də ömrünün son günlərini doğulduğu Qubadlıda yaşasaydı xəstəliyinə güc gəlib dili söz tutardı, nəvələrini başına yığıb acılı-şirinli xatirələrini danışardı. Karxanada daş atdığı günlərdən tutmuş, milis əməkdaşı kimi ən çətin tapşırıqları yerinə yetirdiyini onlara bircə-bircə anladardı…

Sıramızdan bulaq suyu, dağ havası kimi seyrələn insanların yerinin çox şeyin çirkaba bulandığı dünyamızda nə vaxtsa dolacağına ümid azdır. Ürəyi torpaq qədər geniş olanların sayı azalır get-gedə.

“Doğulduğu torpaqlardan uzaqda yaşanan bir ömürə də haqdan, beləcə, nöqtə qoyuldu” cümləsini yazmağa çətinlik çəkirəm. Çünki Əhməd Şirinov kimi insanların həyatı davam edir-onları yada salan xatirələrdə…

Geriyə Çap et


Faydalı keçidlər
Linklər