Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.10.2018

Məzuniyyətimizi harada keçirək?

İdarə rəisi kimi fəaliyyət göstərdiyim son 8 ildə bu sual məni həmişə düşündürüb. Bu da səbəbsiz olmayıb. Müşahidə etmişəm ki, əməkdaşların, yalan olmasın, 80 faizi məzuniyyət raportunu bu cümlələrlə bitirir: “Məzuniyyətimin bir hissəsini Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədə keçirəcəm”.

Nə deyə bilərəm, hər halda məzuniyyətə çıxmaq, istirahət etmək hər bir əməkdaşın müstəsna hüququdur. Bunu həm də əməkdaşlarımızın sosial vəziyyətinin göstəricisi kimi qəbul edib razılaşıram. Amma bir dəfə necə oldusa iş otağıma məzuniyyət raportu ilə gəlmiş bir əməkdaşa etiraz etdim. Yenə raportunda yuxarıda sadalanan ölkələri göstərmiş əməkdaşa dedim ki, bəs, nə əcəb İran İslam Respublikasını da qeyd etməmisən?

Bunu, əlbəttə, ironiya ilə demişdim...
Amma necə oldusa, ötən yay özüm də buna bənzər bir raport yazdım, daha doğrusu, həkim dostumun israrlı xahişi ilə, müalicə məqsədilə. Güya Lvov vilayətinin Striyskiy rayonunda “Morşin” adlanan sanatoriya-kurort kompleksi varmış və insanlar orada yüksək səviyyədə müalicə olunurmuşlar...

Gəlib yetişdik ”Morşin”ə... Analizlərimin cavabını alıb, getdim məni müalicə edəcək həkimin qəbuluna. Terapevt idi. Mənə dərman preparatları təyin etdi, baxdım ki, İlahi, bu dərmanları İsbi həkim (İ.Babaxanov – hospitalımızın rəisi) hələ 10 il əvvəldən yazıb. Kardioloqun dediklərini professor İlqar Əlizadə (hospitalın rəis müavini) yalan olmasın 20 il əvvəl deyib. “Tioqamma” deyilən bir preparat var, onu da hospitalın endokrinoloqu Ülkər Əhmədova hələ ötən il təyin etmişdi. Terapiya şöbəsinin rəisi Samirə İmanova isə dərdimizi üzümüzdən oxuyur.

Beləliklə, buradakı müalicənin mənasız bir iş olduğunu anlayıb, cəmi 3 gün sonra “Morşin”lə vidalaşdım. Sovetlər dönəmində 2 il 2 ay məhz bu vilayətdə əsgərlik etdiyimdən, maraq üçün üz tutdum 39 il əvvəl xidmət etdiyim hərbi hissənin yerləşdiyi Zoloçevə. Sonra getdim Rumıniya ilə sərhəddə yerləşən Çernovtsı şəhərinə. Burada təsadüfən bir bayram şənliyinə qatıldım... və bir qədər sonra öz qulaqlarımla eşitdiyimə az qala inanmadım, - “Eeeyy, a-na yurduum, A-zər-bay-can...” oxuyurdular.
Sözsüz ki, qərib diyarda bu məlahətli səsin sahibinin kim olduğunu öyrənməli idim. Tanış olduq: “Ukraynanın xalq artisti Qurban Abbasov”. Naxçıvanlıdır, 42 ildir ki, paytaxt Kiyevdə yaşayır...
Bir neçə gün də Ternopol və Kopiçintsı şəhərlərində gəzdikdən sonra, necə deyərlər, “müalicəyə də, gəzməyə də, yaşamağa da... ölməyə də Vətən yaxşı” deyib qayıtdım ömrümün çox hissəsini yaşadığım doğma Bakıya.

Məzuniyyətim hələ bitməmişdi. İstirahət üçün kifayət qədər vaxt var idi. Odur ki, üz tutdum qədimdən-qədim Naxçıvana. Bu dəfə ailə üzvlərimlə. İnanın, buradakı gözəlliyi yuxarıda sadaladığım şəhərlərin heç birində görməmişdim. “Nuh yurdu”nda çörək kəsdim, “Əshabi-kəhf”i ziyarət etdim, “Əlincə qalası”na getdim, “Batabat”dan Laçına tərəf boylandım, “Üzən ada”nı seyr etdim, “Zorbulağ”ın, “Ağbulağ”ın buz kimi suyundan içdim, “Duzdağ”ın möcüzəsinə heyran qaldım, “Cəhri”də qonaq oldum. Və ən əsası da bu gözəlliklər diyarının insanlarının üzlərində sevinc gördüm, təbəssüm gördüm. Ruhum dincəldi, demə, müalicə elə bu imiş, istirahət belə olurmuş...

Sonda bir məsələyə də toxunmağı vacib bilirəm: ”Morşin”də 14 gün yaşamağın xərci bir yana, təkcə gedib-gəlməyə 660 manat xərclənir ki, bu da təxminən 400 ABŞ dollarına bərabər tutulur. Bizim “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində isə yay aylarında əməkdaşların bir günlük xərci 28 manat 75 qəpiyə (payız-qış aylarında daha ucuz ) başa gəlir ki, bu pula da 3 dəfə pulsuz yemək, Wi-Fi şəbəkəsi, SPA girişi (qapalı hovuz, hamam, sauna), çimərlikdən, açıq hovuzdan, trenajorlardan, akvaparkdan, mini-futbol, voleybol və uşaq meydançalarından istifadə daxildir.
Sizcə hansı faydalıdır, hansı sərf edir?
Mən “Xəzri”ni seçərdim!

Geriyə Çap et


Faydalı keçidlər
Linklər