Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.10.2018

Polis olmaq istəyirəm…

Ölkəmizin ali məktəblərinə yüksək balla qəbul olan polis əməkdaşlarının övladlarını “Mübariz keşikdə” sizə də tanıdıb, beləliklə, həm onların, həm də ailə üzvlərinin sevinclərinə biz də şərik olmuşuq, əziz oxucularımız. Gələcəyimiz olan bu gənclərdən daha birinin sorağını Xızı rayonunda ezamiyyətdə olarkən eşitdim.

Fərid Rzayev 2001-ci ildə polis ailəsində dünyaya gəlib. Atası polis polkovnik-leytenantı Qalib Rzayev 1992-ci ildə ÇPA-da xidmətə başlayıb. 2000-ci ildə Polis Akademiyasını bitirdikdən sonra Xızı RPŞ-yə təyinat alıb. Geridə qoyduğu 18 ildə müxtəlif xidmət sahələrində çalışıb. Əslən Ağdamdan olsa da, buralara isnişib, doğmalaşıb. Hazırda Xızı RPŞ-də şəxsi heyətlə iş üzrə rəis köməkçisidir.

Onunla qiyabi tanışlığımız hələ bir neçə il öncəyə təsadüf edir. Xızıya bu səfərim zamanısa şəxsən tanış olduq. Söhbətimiz zamanı övladının uğurundan necə fərəhləndiyini, qürur keçirdiyini hiss etməmək mümkün deyildi. Əslində, valideyin çəkdiyi zəhmətin hədər getmədiyini görməsi onun ən böyük uğurudur, məncə.

Dedi ki, Fərid hələ uşaq yaşlarından polis olmaq istəyib. Hər dəfə evə gələndə əyninə böyük olsa da atasının mundirini geyinər, ona yaraşıb-yaraşmadığını həvəslə soruşarmış. Polisin həm də fiziki cəhətdən sağlam olmasını anlayaraq mütamadi olaraq, idmanla da məşğul olub. Polis və müharibə veteranı olan əmisiylə xidməti və döyüş yolundan uzun-uzadı söhbətlər edər, vaxtı gələndə o da bu çətin və çox da cazibədar peşəyə yiyələnəcəyini söyləyirmiş. Məktəbin yuxarı siniflərinə çatanda fikrində qəti olduğunu bildirib. Ailə də onu yekdilliklə dəstəkləyib və təqdir edib.

Mandat komissiyasından, fiziki və tibbi yoxlanışlardan uğurla keçib. Bütün bunlar onda yanlış yolda olmadığına inamı bir az da artırıb.
Fərid 653 bal toplayaraq arzu etdiyi Polis Akademiyasına qəbul olunub, builki 150 müdavim arasında 21-ci olub.
Uğur olsun, deyirik-həm ona, həm belə istedadlı övladlarımız üçün ömrünü şam kimi əridən insanlara.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər