Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.07.2018

100 ilin gənc polisi...

Tariximizdə elə günlər var ki, onun bizə yaşatdığı qürur hissini bəlkə də ötən yüzillərdə yaşamamışıq. Yaratdığımız tarixi bəzən yazıya almağa ərinmişik və bu bizə illər sonra çox baha başa gəlib. Zəif düşmənlərin güclü hiylələrinin qurbanı olub birliyə, hür olmağa gedən yolumuzdan yarımçıq dönmüşük. Dilimizə fars, zehnimizə ərəb damğası vuranları, əsl kimliyimizi bizə unutduranları tanıyanda isə ya gec olub, ya da ki, tarixin o üzündə qalan at üstündəki ruhumuz bizdən üz çevirib. Göylərdən gələn müqəddəsliyimiz “Məndən ötdü”ləri deyib, sevinən qandaşlarımızı qoruya bilmədi, çünki qardaşın dar günündə ona arxa çevirmək həm də Tanrıya üsyan demək idi. Sahib olduğumuz dünyadan qəlpə-qəlpə qopduqca, acizləşdik, kimsəsizləşdik və böyük imperiyalardan geriyə isə hərəsi bir ovuc torpağa yiyələnmiş küskün qardaşlar qaldı...

Ey cümhuriyyət yaşıdı, illərin yadigarı,
Sinəsi döyüşlərdə səngər olan polisim.
Vətənin dar günündə harayına yetişən,
Şəhid olan polisim, əsgər olan polisim...

İyirminci yüzillikdə ruhumuza günəş kimi doğan o gün tarixin bütün uğursuzluqlarını bizə unutdurdu. Azərbaycan adlı cümhuriyyətin qurulması sanki böyük bir imperiyanın yenidən yaranması demək idi və bu sevinc dalğa-dalğa Türküstan ellərinə, ordan isə bütün dünyaya yayıldı.
Dünyanın sınaqlarla üzbəüz qaldığı o çətin dövrdə dövlət qurmaq bir yana, onu qorumaq üçün hər şeyini, hətta həyatını belə qurban verənlər 100 il sonra xatırlanacaqlarını yaxşı bilirdilər.
Yüz yaşlı cümhuriyyət və 25 yaşlı müstəqil Azərbaycan dövləti. İkisinin də taleyi, yazısı eynidi. İkisini də bu qoca milət qurdu, ikisi də ölüm və ölüm sınağı ilə üzbəüz qaldı. Və sonda ikisi də hürr oldu...
Cümhuriyyət yaşıdı...Bu ifadəni tez-tez eşidirik. İndi nəinki Azərbaycanda, bəlkə də dünyada çox az sayda 100-ü haqlayan var. Amma bu gün cümhuriyyətin yadigarı olan Azərbaycan Polisi var və biz də onun sıralarında addımlayan xoşbəxtlərdənik.
İlk baxışdan qəribə görünsə də bu bir həqiqətdir və «Azərbaycan ordusunu Azərbaycan Polisi formalaşdırdı» fikrini, bu gerçəkliyi danmaq olmaz. Torpaqlarımızın azadlığı uğrunda əlinə silah alıb erməni millətçilərinə qarşı döyüşən oğullara silahdan istifadə qaydalarını, ilk döyüş taktikasını da məhz polisdə can qoyan oğullarımız öyrətdi.
Ön cəbhədə düşmənin, arxa cəbhədə isə bəzi cinayətkar ünsürlərin gülləsinə sinəsini sipər edən həmkarlarımızın şücaətləri bəlkə də cild-cild kitablara sığmaz. Onlar öz qanlarıyla Azərbaycan Polisinin döyüş tarixini yazıblar. Torpaqlarımız uğrunda gedən döyüşlərdə 1695 həmkarımız və hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər ağır xəsarət alıb. Göstərdikləri fədakarlığa və şücaətlərə görə 68 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib...
Horadizin və ətraf kəndlərin azad edilməsində DİN Daxili Qoşunları və polis, sözün əsl mənasında, tarix yazdı. Bu qələbə cəbhədə döyüşçülər arasında inamı artırdı və polis yerini yenicə formalaşmağa başlayan orduya verib yenidən arxa cəbhədəki mübarizəsini davam etdirib.

Aparılan islahatlarla daxildən saflaşan, təmizlənən Azərbaycan polisi və onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar ulu öndərinin, Ali Baş Komandanının inamını həmişə doğruldub, təhlükəsizliyin təminatçılarından biri olub.
1994-cü ildən daxili işlər orqanlarında başlamış dönüş mərhələsi yalnız cinayətkarlığa qarşı effektiv mübarizə və krminogen durumun tam nəzarətə götürülməsi ilə məhdudlaşmadı, həm də ən vacib sahələrdən biri - şəxsi heyətin mənəvi cəhətdən sağlamlaşdırılması və təmizlənməsi prosesi də vüsət götürüb.

Əldə edilən nailiyyətləri polisin 80 illiyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə dahi öndər belə vurğulamışdı: "Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir... Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidmətin mənafeyini hər şeydən üstün tutmuşdur".
Əbədiyaşar liderimiz Heydər Əliyev daxili işlər orqanlarının şəxsi heyətinin sosial müdafiəsini heç zaman diqqətdən kənarda qoymamışdır. Hələ hadisələrin ən qaynar dövründə - 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə ulu öndər Heydər Əliyev demişdi ki, "Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır".

Ümummilli liderin daxili işlər orqanlarının xidmətlərinə verdiyi yüksək qiymətin məsuliyyətini, eləcə də gələcəyə ünvanlanmış strateji vəzifələr olduğunu aydın dərk edən şəxsi heyətimiz bu gün Silahlı Qüvvələrin Ali baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edən, dünyada söz sahibinə və böyük dövlətlərin etibarlı tərəfdaşına çevrilən ölkəmizdə əmin-amanlığın, sabitliyin keşiyində ayıq-sayıq dayanmaqla yanaşı, həm də bir vətəndaş kimi bu yüksəlişə öz töhfələrini verirlər. Ölkə rəhbərimizin təbirincə desək, əgər bu gün ölkəmizin iqtisadi rotensialının artmasının əsas şərti olan sabitlik və ictimai təhlükəsizlik mövcud olmasaydı, onda hazırkı milli tərəqqidən söhbət gedə bilməzdi.

Bu gün cinayətkarlıqla, transmilli mütəşəkkil növlərinə qarşı mübarizənin daha effektli aparılması, konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlətin maraqlarının etibarlı qorunması, asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, polis-vətəndaş münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması kmi vəzifələr də uğurla həyata keçirilir. Bu mənada, dövlət rəhbərinin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Respublikanın daxili işlər orqanlarının fəaliyyət göstəriciləri ildən-ilə yaxşılaşır. Ötən müddətdə bu strukturlar tərəfindən ölkədə asayişin mühafizəsi ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurlu olmuşdur. Sözsüz ki, respublikada hüquq qaydasının təmini işində qazanılan uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan, zəruri anda xidməti borcunu hər şeydən, hətta həyatından belə üstün tutan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Azərbaycan polisi fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə qurur və dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşma daxili işlər orqanlarının ictimai nüfuzunu daim artırır.
Bəli, 100 ilin Azərbaycan Polisi artıq dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə, xalqa, onun əmin-amanlığına, asayişinə xidmət etmək olan peşəkar hüquq mühafizə orqanı kimi formalaşıb. Əminik ki, vətəninə, xalqına və Prezidentinə sadiq olan daxili işlər orqanları özünün zəngin təcrübəsi ilə həmişə olduğu kimi bundan sonra da müstəqil dövləti daha da inkişaf etdirmək kimi milli ideyanın - ulu öndər Heydər Əliyevin əbədiyaşar amallarının həyata keçirilməsinə layiqli töhfələr verəcək, yaxın zamanda işğaldan azad olunmuş torpaqlarımızda asayişin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanacaqdır.


Son söz kimi demək istəyirik ki, 100 ilin polisinin əsrlərin qovşağında olan, xüsusilə də 25 ilinin hərəsi bir əsrə dəyər, bir əsr qədər önəmli və qiymətlidir. Və 100 ilin ürəyimizdə gəzdirdiyimiz oduna, qutsallığına tapınıb növbəti yüzilliyə doğru inamla addımlayırıq.
Bayramımız mübarək!

Hafiz Təmirov,
polis mayoru

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər