Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.05.2018

Yol Polisi görüşlərə gedir təhlükəsizliyi təmin etmək üçün

Uşaqları qorumaq hər birimizin borcudur, çünki onlar cəmiyyətin gələcəyidir. Uşaqların təhlükəsizliyi üçün əsas məsuliyyəti isə biz böyüklər daşıyırıq. Yanlarında olmadığımız zaman belə, verdiyimiz məsləhətlər və şəxsi nümunəmiz onları təhlükələrdən qoruyur.

Yol hərəkəti qaydalarının uşaqlara öyrədilməsində bağçada, məktəbdə müəllimlərin, evdə və yollarda isə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Böyüklər müxtəlif vasitələrlə uşaqların yol hərəkəti qaydalarını öyrənməsinə, yol təhlükəsizliyi ilə bağlı maariflənməsinə çalışmalıdır.

Uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, piyadaların intizamının artırılması, küçə hərəkəti qaydalarının öyrədilməsi və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə mütəmadi olaraq paytaxtda və respublikamızın ayrı-ayrı rayonlarında təhsil müəssisələrində, uşaq bağçalarında təhsil işçilərinin, valideynlərin, ictimai qurumların nümayəndələrinin, KİV təmsilçilərinin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Polisin əsas məqsədi yollarda uşaqların həyat və sağlamlığının müdafiəsini təmin etmək, onları bu istiqamətdə bilgiləndirməkdir.

Bu ilin ilk 3 ayında da yol polisi əməkdaşları tərəfindən orta məktəblərdə, uşaq bağçalarında yüzlərlə belə görüş keçirilib. Görüşlərdə şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək və piyada keçidlərindən düzgün istifadə etmək barədə tövsiyələr verilib, bu mövzuda hazırlanmış videoçarxlar nümayiş etdirilərək hər biri ətraflı izah edilib. Bağçalarda uşaqlara yolu təhlükəsiz keçmə üsulları əyani olaraq göstərilib, piyadanın vəzifələri barədə ilkin təsəvvür yaradılıb, onların başa düşəcəyi formada yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışlar formalaşdırılıb. Eyni zamanda, məktəbliləri maraqlandıran suallar cavablandırılıb, uşaqlar yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Çıxışlarda sonradan xoşagəlməz halların yaşanmaması üçün həm sürücü, həm piyada, həm də sərnişin kimi qaydalara əməl etməyin vacibliyi, ibtidai sinif şagirdlərinin dərsə gedərkən və qayıdarkən valideyn nəzarətinin önəmi, sürücülərin və valideynlərin xüsusilə təhsil müəssisələrinin yaxınlığındakı yollarda maksimum diqqətli olmaları, yeraltı və yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər