Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.05.2018

Sabitliyə, inkişafa və xoşbəxt gələcəyə verilən səs

Azərbaycan xalqı öz iradəsini ifadə edərək dəstəklədiyi namizədə səs verdi. Bu seçicilərin ölkəmizdə sabitliyə, inkişafa və xoşbəxt gələcəyə verildiyi səs idi. Ölkəmizin son 15 ildə əldə etdiyi və dünya miqyasında təqdir olunan nailiyyətləri prezident seçkilərində xalqın seçiminin yenə İlham Əliyev olacağına dair əvvəldən verilən proqnozları tam doğrultdu.

Şəffaflığın təmini və səsvermə prosesinin obyektiv qiymətləndirilməsi məqsədilə bu taleyüklü aksiyanı izləmək üçün dəvət edilən 900 xarici, 59 minə yaxın yerli müşahidəçi seçki məntəqələrində oldu. Beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən keçirilən “exit-poll”un nəticələri də seçkilərin şəffaf və ədalətli şəkildə keçdiyini təsdiqlədi.

Növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanan Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan sürətli inkişaf yolu keçib, beynəlxalq mövqeyini möhkəmləndirib, Cənubi Qafqazın lider ölkəsinə çevrilib.

Xalqın yenidən “İlhamla irəli”ləməyə qərar verməsi gözlənilən idi. Çünki indiki beynəlxalq mürəkkəb zamanda, xüsusən də rəngli inqilabların və bunların nəticəsi olaraq kənardan müdaxilə ilə hakimiyyətlərin dəyişdirilməsinin qanlı-qadalı fəsadlarının göz qabağında olduğu bir vaxtda Azərbaycan seçicisinin ictimai-siyasi sabitliyə və sosial-iqtisadi inkişafa, sosial rifaha, inamlı gələcəyinə səs verməsi təbiidir. Bu, xalqımızın təkcə “gözü çıxan qardaş”ının vəziyyətindən dərs götürməsi deyildi. Bu, həm də bizim sabaha olan inamımızın nəticəsi idi. Həmin inamsa boş yerdən yaranmır, illərin sınağından çıxır.

Prezident seçkisindən iki gün əvvəl Nazirlər Kabinetinin cari ilin ilk rübü üzrə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir və son göstəricilər də dövlət başçısı tərəfindən elə həmin iclasda səsləndirilmişdir.

“Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır” - deyən möhtərəm dövlət başçımız Azərbaycanın cari ilin ilk rübü üzrə makroiqtisadi göstəricilərini yüksək qiymətləndirmişdir: “Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir”.

Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər hələ neftin qiymətinin pik vaxtından başlamışdır və bu, təsadüfi deyildi. İqtisadiyyatı bütünlüklə bu başıbəlalı sahədən asılı olan ölkələrin düşdükləri böhranlı vəziyyət göz qabağında idi. Özü də vəziyyəti tündləşdirib neftin rənginə çevirən bu böhran həmin ölkələrdə təkcə sosial-iqtisadi sahələrə zərbə vurmamışdır. O həm də qəfil yaxaladığı ölkələrin ictimai-siyasi sabitliyini pozmuşdur. Məhz bu səbəbdən istər neftin yüksək qiymətinə, istərsə də zəngin ehtiyatlarına bel bağlamaq olmazdı və Azərbaycan da məhz belə etdi. Odur ki, dövlət başçısı cənab İlham Əliyevin sosial-iqtisadi məsələlərə həsr olunan bütün tədbirlərdəki çıxışlarında qeyri-neft sektorunun inkişafını xüsusi vurğulaması təsadüfi deyil.

Elə bu yerdə qeyri-neft sektoruna aid başqa bir diqqətçəkən fakt: ilin birinci rübündə ölkə üzrə sənaye məhsulları istehsalı 2, o cümlədən qeyri-neft sənaye məhsulları istehsalı 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir.

Bu gün Azərbaycanda avtomobil və kənd təsərrüfatı texnikalarından tutmuş tikinti materiallarınadək istehsal olunur, eyni zamanda, “Made in Azerbaijan” brendi ilə ixrac edilir.
İlin ilk rübündə ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalı 4,2 faiz artmışdır. Düzdür, artım əsasən bitkiçilik məhsulları istehsalı üzrədir və yalnız hesabat dövründə o, təxminən 50 faiz olmuşdur. Amma heyvandarlıqda da dönüşün yaranacağına şübhə yoxdur. Ən azından həmin sahəyə ilbəil artan diqqət və sərmayə belə qənaətə gəlməyə əsas verir.

Cari ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuşdur və onun böyük hissəsi xarici investisiya olmuşdur. Prezident sözügedən iclasdakı nitqində bu fakta belə qiymət vermişdir: “Bu onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir”.

Həqiqətən, dünyada baş verən bütün iqtisadi çaxnaşmalara və maliyyə böhranlarına baxmayaraq, Azərbaycan 1994-cü ildən üzü bəri xarici investorlar üçün cəlbedici ölkə olmuşdur və bu gün də belədir. Səbəbləri məlumdur və onlar həm yerli, həm də xarici mütəxəssislər, qurumlar, reytinq agentlikləri tərəfindən dəfələrlə qeyd edilərək qiymətləndirilib. Əks halda Azərbaycan qlobal regional layihələrin reallaşmasında nəinki əsas və aparıcı ölkə kimi, heç sıradan biri kimi də iştirak edə bilməzdi. Halbuki məhz həmin layihələrin hesabına bu gün Azərbaycanın valyuta ehtiyatları 44,2 milyard dollara çatıb. Yeri gəlmişkən, təkcə cari ilin 3 ayında ehtiyatlarımız 2,2 milyard dollar artmışdır.

Həm də uğurlu neft siyasəti təkcə valyuta ehtiyatlarının artması ilə nəticələnmir. Elə yalnız birinci rübdə 31 min, ümumilikdə 2004-cü ildən təxminən 1,5 milyon daimi iş yerinin açılması, həmçinin maaşların, təqaüdlərin, sosial ödənişlərin vaxtaşırı artırılması da Azərbaycanda həyata keçirilən düşünülmüş neft siyasətinin, iqtisadi strategiyasının uğurlu göstəriciləridir: “Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atırıq”, - deyən Prezident ən azından növbəti 7 ildə də bu siyasətin davam edəcəyinə mesaj vermişdir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər